Bu ilin payızında Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın iclası keçiriləcək. Bu barədə Moldovanın Bakıdakı səfiri Georgi Leuka məlumat verib.
“Biz bu ilin payızında, oktyabrda Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın iclasını və biznes forum keçirməyi planlaşdırırıq. Bunun üçün demək olar ki, hər şey hazırdır", - deyə G.Leuka "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Diplomat əmindir ki, iclas və biznes forum Bakı və Kişinyov arasında iqtisadi əlaqələrin inkişafına əlavə təkan verəcək.
"Hökumətlərarası komissiyanın iclası çərçivəsində siyasət, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri də nəzərdən keçiriləcək", - deyə o qeyd edib.
Xatırladaq ki, hökumətlərarası komissiyanın iclası sonuncu dəfə 2012-ci ilin aprelində Kişinyovda keçirilib.
Azərbaycan və Moldova prezidentləri İlham Əliyev və İqor Dodon ötən həftə Bakıda baş tutan görüşdə komissiyanın fəaliyyətinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.*
F.İsazadə