Booking.com portalı Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini dayandırıb. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
“Hollandiya ərazisində fəaliyyət göstərən booking.com şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsini dayandırıb”, - deyə H.Hacıyevin bəyanatında bildirilir.
XİN rəsmisi qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni və çirkli yollarla fəaliyyət göstərən kriminal sahibkarlıq subyektləri ilə işbirliyinə girmək şirkətin beynəlxalq nüfuzuna xələl gətirir.
“Qeyd olunanları nəzərə alaraq, booking.com şirkətini Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini tam şəkildə ləğv etməyə və gələcəkdə bu istiqamətdə hər hansı fəaliyyətdən kənar durmağa çağırırıq”, - deyə H.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, XİN vəMədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə zəruri tədbirlərin görülməsi davam etdiriləcək.*
F.İsazadə