Milli Məclis bu gün keçirilən plenar iclasda II və III oxunuşda “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunu qəbul edib.
Qanun layihəsinin 10-cu maddəsinə əsasən, deputat qarşısında mədəni davranış, Milli Məclisin iclaslarında etik davranma, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur.
Sənəddə qeyd olunur ki, bu şərt “Korrupsiyaya qarşı mübarizə haqqında”Azərbaycan Respublikası Qanununda müəyyən olunan məbləğdən artıq nəzərdə tutulan qonaqpərvərliklə əlaqədar hədiyyələrə şamil olunmur.
Sənəd əsasən, hədiyyə qəbul etmək və ya qonaqpərvərliyə cavab verməkdə çətinlik çəkərkən qərarın qəbulu zamanı parlamentin İnzibati Komissiyasının rəyini öyrənməyi və ona uyğun hərəkət etməyi tövsiyyə edir.
Bundan başqa, qanun layihəsinə görə, deputatlar təhqir xarakterli ifadələrdən yayınmalıdırlar. Xüsusilə, deputatlar insanların hüquq, azadlıq və qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini alçaldan təhqiramiz, kobud sözlərdən istifadə etməməlidirlər. **
A.Axundov