Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) fermerlərə fındıq bağlarında ziyanvericilərə qarşı mübarizə tədbirlərini davam etdirməyi tövsiyə edib. Bu barədə DFNX-nin məlumatında deyilir.
“Bu ilin yaz aylarındahava şəraitinin qeyri-sabit keçməsi, nisbi rütubətin çoxluğu və intensiv yağan yağışlar nəticəsində Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında “unlu şeh” xəstəliyinin inkişaf etməsinə əlverişli şərait yaranıb. Bununla bağlı yerli qurumların əməkdaşlarının fermerlərə verdiyi tövsiyələr əsasında bu günə qədər “unlu şeh” xəstəliyinə qarşı 465 hektar, fındıq uzunburun böcəyinə qarşı isə 231 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Kimyəvi mübarizə zamanı kükürd, tiovit-djet və topaz fungisidlərindən istifadə olunub”, - deyə məlumatda bildirilir.
Dövlət Fitosanitar Nəzarəti Xidməti hava şəraitinin əlverişli olduğunu nəzərə alaraq, fermerlər tərəfindən fındıq bağlarında “unlu şeh” xəstəliyinə qarşı mübarizə tədbirlərinin davam etdirilməsini məqsədəuyğun hesab edir.
“Unlu şeh” xəstəliyini “Phyllactinia guttata” göbələyi törədir. Göbələk bitkilərin yarpaqlarını zədələyir və una oxşar örtük əmələ gətirir. Örtük yarpağın alt səthində əvvəlcə zəif, sonra isə sıx olur. Xəstəlik bitkilərin birillik budaqlarını daha çox zədələyir. “Unlu şeh” xəstəliyinə tutulmuş yarpaqlar saralıb quruyur və vaxtsız tökülür. Xəstəliyə tutulmuş bitkilərin yarpaqlarında maddələr mübadiləsi pozulur, bitkinin inkişafı zəifləyir, məhsuldarlığı aşağı düşür və keyfiyyəti pisləşir.*
N.Abbasova