2016-cı ildə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycandakı layihələr üzrə cari portfeli 27,4% - 91,296 mln. avroya qədər azalıb. Bu barədə bankdan illik hesabatında qeyd olunur.
"1 yanvar 2017-ci il tarixinə bankın Azərbaycandakı layihələr üzrə portfeli 1 yanvar 2016-cı ilə 125,787 mln. avroya qarşı 91,296 mln. avro təşkil edir", - bankın sənədlərində deyilir.
Bununla belə, 1 yanvar 2017-ci il tarixinə Azərbaycanın istifadə edilməmiş öhdəlikləri 2016-ci ilin analoji dövrünə olan 48,597 mln. avroya qarşı 27,16 mln. avro məbləğində qiymətləndirilir.
Bütövlükdə cari ilin əvvəlinə bankın kredit portfeli 1 mlrd. 191,838 mln. avro, o cümlədən kreditləri 1 mlrd. 139,072 mln. avro, kapitala investisiya qoyuluşları 52,776 mln. avro təşkil edir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir. **
A.Əzizov