Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki xüsusi təlimlərinə başlanılıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Zenit raket, zenit raket artilleriya və Hava Hücumundan Müdafiə Qoşunlarının digər xüsusi bölmələrinin də cəlb olunduğu təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb”, - deyə məlumatda bildirilir.
Motoatıcı bölmələrin yerdəyişməsi zamanı onların hava hücumundan müdafiəsini təmin edən hava hücumundan müdafiə bölmələri marş keçirərək təyinat rayonlarına çıxarılıb, atəş və start mövqeləri tutulub.
“Təlimin döyüş atışlı mərhələsində hərəkətdən atəş və start mövqeləri tutulduqdan sonra düşmənin hava və yerüstü hədəfləri “Strela 3” daşınan zenit raket kompleksi və 23 millimetrlik zenit qurğuları ilə məhv edilib. Təlimlərə hava düşmənini təqlid edən 120 millimetrlik minaatan heyətləri də cəlb olunub”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə