Azərbaycan və İran Milli kitabxanaları arasında Anlaşma Memorandumunun imzalanması planlaşdırılır. Bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir.
Sözügedən məsələ İranda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Tehranda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin İranın vitse-prezidenti, Milli Kitabxana və Arxiv İdarəsinin baş direktoru Əşrəf Burucerdi ilə görüşündə müzakirə olunub.
“Söhbət zamanı qərara alınıb ki, İran Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında Anlaşma Memorandumu bu il Bakıda keçiriləcək Beynəlxalq kitab sərgisi-yarmarkasınadək imzalanmaq üçün hazırlansın”, - deyə məlumatda qeyd olunur.
Görüşdə hər iki ölkənin milli kitabxanalarının əməkdaşlıq perspektivləri, birgə kitab sərgilərinin keçirilməsi məsələləri müzakirə olunub.*
R.Babayev