ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Xoqland (ABŞ) iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində baş vermiş insident nəticəsində mülki şəxslərin həlak olmasından xəbərdardır.
“Minsk qrupunun həmsədrləri təcili olaraq Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırır. Zorakılıq yalnız sonrakı zorakılığı yaradır. Bu uzun sürən münaqişənin həlli üçün yeganə məsuliyyətli və insani yol tərəflərin danışıqlar masasına qayıtmasıdır ”, - deyə həmsədrlərin bəyanatında bildirilir.
Həmsədrlər həlak olanların ailələrinə başsağlığı verib.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Həmçinin mülki obyektlərə də zərər yetirilib.
İnsidentlə əlaqədar olaraq Azərbaycan Baş Prokurorluğunda 7 maddə üzrə cinayət işi başlanıb.*
A.Əzizov