Füzuli rayonunun Alxanlı kəndində Azərbaycanın heç bir qərargahı yoxdur. Bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
“Alxanlıda heç bir qərargah yoxdur. Bu, Ermənistan tərəfinin yalan məlumatıdır”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan tərəfi məlumat yayaraq, Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalidən guya sipər kimi istifadə etdiyini və Azərbaycanın Alxanlı kəndindəki atəş nöqtəsini məhv etdiklərini bildirib.
V.Dərgahlı əlavə edib ki, ilin əvvəlindən atəşkəs rejimi 18 min dəfədən çox pozulub. Düşmən əsasən minaatan, qumbaraatan və snayper tüfənglərindənistifadə edir.
İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Həmçinin mülki obyektlərə də zərər yetirilib.
İnsidentlə əlaqədar Azərbaycan Baş Prokurorluğunda 7 maddə üzrə cinayət işi başlanıb.*
"Ötən gün ermənilərin təxribatı nəticəsində yaralanmış Alxanlı kəndi sakininin həyatı üçün təhlükə yoxdur. Hadisə yerində əməliyyat qrupu işləyir”, - deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.*
F.İsazadə