Türkiyənin Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsi zonasında ermənilərin minaatanlardan və dəzgahlı qumbaraatanlardan açdığı atəş nəticəsində mülki şəxslərin həlak olmasını qınayb.
“Ermənistan silahlı bölmələrinin Azərbaycanınyaşayış məntəqələrini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutmasını və nəticədə 50 yaşlı qadın (Sahibə Quliyeva) və onun 2 yaşlı nəvəsinin (Zəhra Quliyeva) həlak olmasını qınayırıq”, - deyə Türkiyə XİN-in saytında dərc edilmiş bəyanatda bildirilir.
Qeyd olunur ki, bu mənfur hadisə Azərbaycan torpaqlarının beşdə birini işğal edən Ermənistanın cəbhə xəttində ağır silahlarla təxribat törətməsini, beynəlxalq hüquqa və insan haqlarına zidd olaraq, dinc sakinləri, xüsusilə uşaq və qadınları hədəfə aldığını göstərir.
“Beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistanın sistemli şəkildə yeritdiyi şiddət siyasəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin qarşısında ən böyük əngəldir. Ermənistanın işğal etdiyi torpaqlardan çıxarılması üçün təzyiq göstərilməlidir”, - deyə bəyanatda vurğulanır.
Bildirilir ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dəstəyini davam etdirəcək.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Həmçinin mülki obyektlərə də zərər yetirilib.
İnsidentlə əlaqədar Azərbaycan Baş Prokurorluğunda 7 maddə üzrə cinayət işi başlanıb.*
F.İsazadə