Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) “Avropa İttifaqı və onun üzv dövlətləri və Azərbaycan Respublikası arasında vahid aviasiya məkanına dair Saziş" imzalamağı planlaşdırır. Bu barədə administrasiyanın mətbuat xidmətindən məlumat verilib.
“İyulun 4-5-də Belçikanın paytaxtı Brüsseldə saziş layihəsi üzrə danışıqların ikinci mərhələsi keçirilib. Danışıqlarda Azərbaycan tərəfdən adıçəkilən qurumun direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Görüşdə hər iki tərəf bu sazişi imzalamaq niyyətlərini ərz edib. Danışıqlar zamanı Azərbaycan tərəfinin irad, təklif və arzuları müzakirə edilib, bir sıra tam aydın olmayan məsələlərə dair izahatlar verilib. Görüşün nəticəsi olaraq protokol imzalanıb”, - deyə məlumatda bildirilir.
Danışıqların növbəti - 3-cü mərhələsinin Bakı şəhərində keçirilməsi qərara alınıb. O zamanadək Azərbaycanın digər nazirlik və komitələrinin rəyləri nəzərə alınaraq operativ şəkildə Aİ və üzv dövlətlərə bildirilməsi və Bakıda keçiriləcək görüşdə artıq sazişin yekun variantının hazırlanması gözlənilir.
“"Vahid aviasiya məkanı haqqında Saziş" layihəsi üzrə danışıqların başlanması xüsusilə onunla əlamətdardır ki, ən yaxın perspektivdə Azərbaycan ilə Aİ arasında "Əməkdaşlıq və tərəfdaşlıq haqqında" yeni sazişin imzalanması gözlənilir", - deyə məlumatda bildirilir.*
N.Abbasova