Azərbaycan Respublikası Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi və Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Habelə səfərdə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Səfər çərçivəsində onlar iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olacaqlar.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Həmçinin mülki obyektlərə də zərər yetirilib.
İnsidentlə əlaqədar Azərbaycan Baş Prokurorluğunda 7 maddə üzrə cinayət işi başlanıb.*
F.İsazadə