Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov ermənilərin Alxanlı kəndini atəşə tutması nəticəsində iki yaşlı qızın öldürülməsi ilə bağlı beynəlxalq qeyri-hökumət təşkilatlarının və dünya dövlətlərinin susqunluğunu anlamır.
“İnsan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq qeyri-hökumət təşkilatları Alxanlı kəndini atəşə tutaraq uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı görəsən niyə ağızlarını açıb, bir söz demirlər, nə səbəbə susurlar?”, - deyə o, özünün "Facebook" səhifəsində yazıb.
Prezident köməkçisinin sözlərinə görə, beynəlxalq qeyri-hökumət təşkilatlarının bu münasibəti təəccüb doğurur.
“Hesab edirəm ki, insan haqları məsələsində ədalətli və səmimi olsaydılar, bu sahəyə çox “diqqət yetirən” bir sıra böyük dövlətlərin rəsmiləri də Alxanlıda dinc insanların qətlinə münasibət bildirərdilər. Amma əfsuslar” , - deyə N.Məmmədov vurğulayıb.*
R.Babayev