Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə siqaret gətirilməsinin qarşısını alıblar.
“İyulun 6-na keçən gecə saat 01:00 radələrində Yardımlı rayonunun Abbaslı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədi istiqamətində hərəkət edən 3 nəfər aşkar edilib. Sərhəd naryadının təlimata uyğun və çevik hərəkətləri nəticəsində “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq hadisə yerində qaçmağa cəhd göstərən Yardımlı rayon sakinləri 1994-cü il təvəllüdlü Elnur İmanov və 1995-ci il təvəllüdlü Sarvan Əsmənov saxlanılıblar. Sərhəd pozucularından bir nəfəri havanın qaranlıq olmasından və ərazinin mürəkkəb relyef xüsusiyyətlərindən istifadə edərək geriyə qaçmağa müəffəq olub”, - deyə məlumatda bildirilir.
Əraziyə baxış keçirilərkən Azərbaycana gətirilməsi üçün İranla dövlət sərhədində gizlədilmiş 5550 qutu müxtəlif markalı siqaretlər aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.*
R.Babayev