Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bu gün xarici ölkələrin hərbi attaşelərinin nümayəndələrinə cəbhəyanı zonada mövcud vəziyyət barədə məlumat verib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, hərbi attaşelər iyulun 4-də erməni hərbçilərin yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər. S.Quliyeva Füzuli rayonunun Əhmədbəyli kəndindəki hərbi hospitalda müalicə olunur.
"Alxanlı Dağlıq Qarabağ ərazisi deyil. 25 ildir yaşayış məntəqələri atəşə tutulur, Füzuli rayonu 900 şəhid verib. Öz ərazimizdə normal həyat yaşaya bilmirik", - deyə A.Alıyev bildirib.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində ikili standartlar mövcuddur. "Dünya ictimaiyyəti susur. Danışıqlar nəticə vermir. Biz ikili standartların sərgiləndiyinin şahidi oluruq", - deyə icra başçısı vurğulayıb.
"Biz mövqeyimizi müdafiə edin demirik, sadəcə, ədalətli olmalarını söyləyirik. Münaqişənin ədalətli həllini gözləyirik. Bizim torpaqlarımız işğal edilib”, - deyə o əlavə edib.*
F.İsazadə