Azərbaycan Müdafiə Nazirliyi bu gün Füzuli rayonunun Alxanlı kəndində Silahlı Qüvvələrin bölmələrinin atəş nöqtələri və qərargahının olmamasına dair sübutları təqdim edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin müxbiri xəbər verir.
"Bu gün jurnalistlər və Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər hadisə yerində əmin oldular ki, Alxanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin heç bir qərargahı və ya atəş nöqtəsi yoxdur", - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Alxanlı kəndində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, "bu onu göstərir ki, 4 iyul hadisəsi zamanı erməni tərəfinin yeganə hədəfi Alxanlı kəndində yaşayan dinc əhali olub".
Müdafiə Nazirliyi, Baş Prokurorluq və Xarici İşlər Nazirliyi iyulun 6-da jurnalistlərin və hərbi attaşelərin Alxanlı kəndinə səfərini təşkil edib. Səfərdə məqsəd hadisə yerində vəziyyətlə tanışlıq və kəndin ərazisində Azərbaycan hərbçilərinin və Silahlı Qüvvələrin bölmələrinin qərargahının olması barədə erməni tərəfinin ittihamlarını təkzib etməkdən ibarətdir.
Hərbi attaşelər və jurnalistlər 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və 2005-ci il təvəllüdlü Zəhra Quliyevanın həlak olduqları yeri və məzarlarını ziyarət edib, onların yas mərasimində iştirak edib, hospitalda 1965-ci il təvəllüdlü Sərvinaz Quliyevaya baş çəkiblər.*
F.İsazadə