Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci ilin birinci yarısında müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 63,3 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“SKMF 2017-ci ilin birinci yarısında 690 sahibkara 63,3 mln. manat güzəştli kredit verib. Bu investisiya layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bu dövrdə verilən güzəştli kreditlərin 76%-i ölkə regionlarının, 24%-i isə Bakı qəsəbələrinin payına düşür”, - deyə fondun icraçı direktoru Şirzad Abdullayev iyulun 6-də İsmayıllı rayonunun Təzəkənd kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda bildirib.
İşgüzar forumda Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,5 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, müalicə-sağlamlıq mərkəzinin tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə layihələrin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradacaq. Ümumilikdə isə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 mln. manat güzəştli kredit verilib.*
A.Axundov