2016-cı ilin yekunları üzrə SOCAR-ın xalis mənfəəti 2015-ci ilin yekunları üzrə 1 mlrd. 785 mln. manat məbləğində zərərə qarşı 350 mln. manat təşkil edib.
Bu barədə şirkətin ötən ilə dair maliyyə hesabatında deyilir.
SOCAR-ın 2016-cı il üçün maliyyə fəaliyyətinin BMHS üzrə auditi “Ernst & Young” şirkəti tərəfindən aparılıb.
Ötən il SOCAR-ın gəlirləri 51 mlrd. 905 mln. manat (artım 56,7%), satışların maya dəyəri 47 mlrd. 387 mln. manat (artım 58,7%) təşkil edib.
Hesabat ilində şirkət əməliyyat fəaliyyətindən 1 mlrd. 896 mln. manat mənfəət (artım 47,3%) əldə edib. Dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişlər 586 mln. manat (artım 2,9 dəfə) məbləğində olub.
2016-cı ildə SOCAR-ın aktivləri 32,6% - 53 mlrd. 7 mln. manatadək, uzunmüddətli aktivləri 24,8% - 32 mlrd. 452 mln. manatadək, qısamüddətli aktivləri 47,2% - 20 mlrd. 555 mln. manatadək artıb.
Qeyd olunan dövrdə neft şirkətinin kapitalı 20,8% - 17 mlrd. 704 mln. manatadək artıb. SOCAR-ın nizamnamə kapitalı 1 mlrd. 802 mln. manata (artım 11,4%), bölüşdürülməmiş mənfəəti 6 mlrd. 262 mln. manata (artım 1,2%) bərabərdir.
2016-cı ildə şirkətin öhdəlikləri 39,5% - 35 mlrd. 303 mln. manatadək artıb. Cari ilin əvvəlinə SOCAR-ın uzunmüddətli öhdəlikləri 16 mlrd. 931 mln. manat (artım 12,4%), cari öhdəlikləri 18 mlrd. 372 mln. manat (artım 1,7 dəfə) təşkil edir.*
N.Abbasova