Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-iyun ayları ərzində 1,69 mln. sərnişinə xidmət göstərib ki, bu da ötən ilin analoji göstəricisindən 31% çoxdur. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.
“Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin I yarısında 1,69 mln. sərnişinə xidmət göstərib. Sərnişinlərin 85%-i (1 mln. 438 min nəfər) beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 49,2%-i AZAL-ın, 50,8%-i xarici aviadaşıyıcıların payına düşüb”, - deyə məlumatda bildirilir.
Cari ilin birinci yarısında AZAL-ın payına 960 min sərnişin düşüb ki, bunun da 252 min nəfəri daxili reyslərlə daşınıb.
İyun ayında 322 min nəfərə xidmət göstərilib ki, bu da ilk dəfə olaraq 2014-cü ildən bəri sərnişinlərin ümumi sayına görə ən böyük rəqəmdir.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan 50 müxtəlif şəhərin 53 hava limanına reyslər yerinə yetirilir. İyun ayında Rusiyanın “IRAERO” aviaşirkəti Krasnoyarsk şəhərindən Bakıya uçuşlar yerinə yetirməyə başlayıb. Cari ilin sentyabr ayından Azərbaycan aşağıbüdcəli aviaşirkəti “Buta Airways”in uçuşları gözlənilir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.*
N.Abbasova