Dünya Bankı (DB) Azərbaycan hökuməti ilə birgə ölkədə iqtisadi inkişafın bərpasına texniki dəstək proqramı üzərində işləyir. Bu barədə bu gün jurnalistlərə bankın Bakı ofisinin rəhbəri Navid Hassan Naqvi məlumat verib.
"Azərbaycan hökuməti ölkədə iqtisadi inkişafın bərpası üçün yeni imkanların və gəlirlərin aşkarlanması məqsədilə bankla işləyir. Biz, həmçinin texniki dəstək proqramının hazırlanması üçün bu istiqamətdə ayrı-ayrı qurumlarla da işləyirik", - deyə N.H.Naqvi bildirib.
Onun sözlərinə görə, DB-nin bu istiqamətdə tövsiyələri 2016-cı ilin dekabrında Azərbaycanda qəbul edilmiş strateji yol xəritələrinə uyğundur.
"Azərbaycan iqtisadiyyatı mühüm mərhələdən keçir. Ötən il iqtisadi azalma təxminən 4% təşkil edib, bu il isə 1-1,5% səviyyəsində gözlənilir", - deyə Bakı ofisinin rəhbəri qeyd edib.
2017-ci ilin yanvar-may aylarında Azərbaycanda iqtisadi azalma 0,9% təşkil edib.
Azərbaycan hökuməti 2017-ci ildə iqtisadi artımı 1% səviyyəsində proqnozlaşdırır.*
A.Axundov