2017-ci ilin I yarısında Azərbaycanın xarici ticarətinin müsbət saldosu ötən ilin analoji dövründə qeydə alınmış $184 mln. 549,19 minə qarşı $1 mlrd. 859 mln. 75,5 min təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $8 mlrd. 678 mln. 422,8 min (artım 9,76%) təşkil edib.
Bununla yanaşı, cari ilin I yarısında ixracın həcmi $5 mlrd. 268 mln. 749,15 min, idxalın həcmi $3 mlrd. 409 mln. 673,65 min təşkil edib. 2016-cı ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 36,45% artıb, idxalın həcmi isə 15,72% azalıb.
İxracın strukturunda 72,87% neftin, 2,77% neft məhsullarının, 10,02% təbii qazın, 0,48% elektrik enerjisinin, 4,37% meyvə-tərəvəz məhsullarının, 0,09% çayın, 0,16% bitki və heyvan mənşəli yağların, 0,5% qəndin, 0,21% spirtli və spirtsiz məhsulların, 0,56% kimya məhsullarının, 1,2% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,45% pamblq ipliyin, 0,74% qara metal və ondan hazırlanan məmulatların, 1,06% alüminium və ondan hazırlanan məmulatların, 4,37% digər məhsulların payına düşüb.
İdxalın strukturunda 18,31% ərzaq məhsullarının, 2,12% tütün və tütün məhsullarının, 0,09% sementin, 2,55% əczaçılıq məhsullarının, 3,77% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,63% odun və oduncaqdan hazırlanan məhsulların, 9,76% qara metal və ondan hazırlanan məmulatların, 21,87% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 6,48% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,16% mebelin, 31,26% digər məhsulların payına düşüb.
2017-ci ilin I yarısında xarici ticarət əməliyyatlarında 4,412 min özəl və dövlət müəssisəsi və 4,413 min fiziki şəxs iştirak edib.
Yanvar-iyun aylarında Azərbaycan dünyanın 163 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Hesabat aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 23,11%-i), Türkiyə (11,68%), Çin (6,46%), Rusiya (5,5%) və Portuqaliya (5,03%), idxal əməliyyatlarını isə Rusiya (19,4%), Türkiyə (16,84%), Çin (9,84%), Almaniya (5%), Ukrayna (4,75%) və ABŞ-la (4,38%) həyata keçirib.*
N.Abbasova