2017-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisinin sayı 0,3% və ya 33,05 min nəfər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İyulun 1-nə respublika əhalisinin sayı 9 mln. 843,031 min nəfərə çatıb.
Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 114 nəfərdir.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.
Yanvar-may aylarında ölkə üzrə 58,217 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,5 təşkil edib. Doğulan körpələrin 53%-i oğlan, 47%-i isə qız uşaqlarından ibarətdir. Körpələrin 1,004-ü əkiz, 21-i isə üçəm doğulanlardır.
Qeyd olunan dövrdə 25,638 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6,4 təşkil edib.
Yanvar-may aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 23,044 min nikah və 6,207 min boşanma halı qeydə alınıb.
Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,078 nəfər gələn və 471 nəfər ölkədən gedən qeydə alınıb.*
R.Babayev