Azərbaycanda Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.
İyulun 11-də assosiasiyanın təsisçilərinin yığıncağı keçirilib. "Gilan Textile Park" MMC-nin rəhbəri Mehriban Axundova Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.
Bakı Əyirici-Toxucu Fabrikinin icraçı direktoru Arif Mərdanov iclasda çıxışı zamanı sektorda mövcud olan bir sıra problemləri diqqətə çatdırıb. «Tekstil sənayesi üçün xammal və materialın 70%-dən çoxu xaricdən daxil olur və nəticədə yerli məhsulun qiyməti idxal edilən məhsuldan baha olur. Bundan başqa, bir çox müəssisələrdə avadanlıqlar köhnəlib. Assosiasiyanın məqsədi idxal edilən avadanlığın vergi və rüsumlardan azad edilməsi təklifi ilə çıxış etməkdir”, - deyə o qeyd edib.
İcraçı direktor, həmçinin yerli xammalın keyfiyyəti, kadr hazırlığının səviyyəsi və digər məsələlərlə bağlı problemlərə də toxunub.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov isə qeyd edib ki, Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkədə yaradılan 9-cu sahəvi assosiasiyadır. «Ümid edirik ki, bu assosiasiya da digər assosiasiyalar kimi aktiv fəaliyyət göstərəcək, problemləri önə çəkəcək, təkliflər irəli sürəcək», - deyə nazir müavini əlavə edib.*
A.Axundov