2017-ci ilin iyun ayında Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən dövlət sərhədini pozmuş 39 nəfər saxlanılıb. Bu barədə DSX-nin mətbuat xidmətindən məlumat verilib.
"Onların 22 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Tacikistan, 2 nəfəri Banqladeş, hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Ukrayna, Türkiyə, Pakistan, Qazaxıstan və Konqo vətəndaşlarıdır”, - deyə məlumatda bildirilir.
Ay ərzində sərhəd rejim qaydalarını pozarkən 1151 halda 1522 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 398 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 95 kq 740,8 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 4 milyon 579 min 256 manat olan qaçaqmal saxlanılıb.*
R.Babayev