ATƏT daxilində əsas meyil Qarabağ münaqişəsi ilə əlaqədar gərginliyi aradan qaldırmaqdır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, bu fikirlər iyulun 11-də Avstriyanın Mauerbax qəsəbəsində ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-formal toplantısında Azərbaycan nümayəndə heyətinin çıxışında yer alıb.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT regionunda təhlükəsizliyə və sülhə qarşı ən ciddi təhdid olaraq qalmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin ATƏT-ə verdiyi mandata baxmayaraq, biz müşahidə edirik ki, təşkilat daxilində əsas meyil münaqişə ilə əlaqədar gərginliyi aradan qaldırmaqdır”, - deyə çıxışda qeyd olunur.
Bildirilir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin edilmədən gərginliyin aradan qaldırılması problemi həll etməyəcək.
“ATƏT daxilində münaqişədə status-kvonun qeyri-davamlı olması barədə yekdil mövqe təsbit edilməlidir. Ermənistanın cəbhə xətti boyunca münaqişənin gərginləşməsinə yönəlmiş bütün növ təxribatları nəzərə alınaraq status-kvo dəyişilməlidir. Yaşayış məntəqələrinin heç bir fərq qoyulmadan atəşə tutulması nəticəsində iki azərbaycanlı mülki vətəndaşın öldürülməsi Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır və bir daha mülki əhalini hədəfə almaqla Azərbaycanı reaksiya verməyə təhrik etmək siyasətinin sübutudur, eyni zamanda, Ermənistana sülh səylərini pozmaq üçün bəhanə verir. Diqqətə çatdırılıb ki, münaqişə həll olunduqdan sonra Ermənistanın hazırkı rejiminin labüd legitimlik böhranı ilə üzləşəcəyi bu rejimi belə təxribatlara əl atmağa sövq edir”, - deyə nümayəndə heyətinin çıxışında vurğulanır.
Qeyd olunur ki, Ermənistanın siyasi rəhbərliyi anlayır ki, münaqişənin sülh yolu ilə beynəlxalq hüquqa uyğun həll edilməsi Azərbaycanın işğal olunmuş ərazilər üzərində suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə nəticələnəcək. Məhz buna görə də Ermənistan rəhbərliyi rejimin ömrünü uzatmaq məqsədilə mövcud status-kvonu möhkəmləndirmək üçün hər yola əl atır.
A.Axundov, F.İsazadə