2017-ci ilin I yarısının yekunları üzrə Azərbaycanın valyuta ehtiyatları $40,6 mlrd.-a çatıb. Bu sözləri prezident İlham Əliyev deyib.
"I yarımillikdə Azərbaycanın valyuta ehtiyatları $40,6 mlrd.-a çatıb", - deyə dövlət başçısı bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Ötən ilin sonuna ölkənin valyuta ehtiyatları təxminən $38 mlrd. təşkil edib.
İ.Əliyev vurğulayıb ki, cari ilin I yarısında Azərbaycanın qeyri-neft sektorunda ÜDM 1,7% artıb, qeyri-neft sənayesində artım isə 4,4% təşkil edib.
"Bu dövrdə iqtisadiyyata $5 mlrd. məbləğində sərmayə qoyulub", - deyə o qeyd edib.
O vurğulayıb ki, yanvar-iyun aylarında ixrac 36% artıb, idxal isə 15% azalıb. Nəticədə Azərbaycanın xarici ticarətində müsbət saldo $1,9 mlrd-.a çatıb.
Prezident İ.Əliyev əlavə edib ki, I yarımillikdə 122 min yeni iş yeri açılıb ki, bunun da 101 mini daimidir.*
A.Əzizov