Bakı ilə Vaşinqton arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev belə hesab edir.
“Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub", - deyə dövlət başçısı bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
İ.Əliyev bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi Reks Tillersonla İstanbulda baş tutan görüşünü yüksək qiymətləndirib.
O, həmçinin Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın 24-cü Xəzər neft-qaz sərgi və konfransının iştirakçılarına ünvanladığı məktubun mühüm əhəmiyyətini qeyd edib.
Prezident əlavə edib ki, bu ilin altı ayında 10 xarici səfər edib. “Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir”, - deyə İ.Əliyev diqqətə çatdırıb.*
R.Babayev