Bu yaxınlarda start veriləcək özünəməşğulluq proqramı ilkin mərhələdə 5-10 min ailəni əhatə edəcək. Bu sözləri prezident İlham Əliyev deyib.
“İlkin mərhələdə 5-10 min ailənin bu proqramdan yararlanması üçün tədbirlər görülür. Bu hədəfə nail olunmaqla işsizlik aradan qaldırılacaq, bununla da ünvanlı sosial yardıma ehtiyac qalmayacaq”, - deyə dövlət başçısı bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, proqramın həyata keçirilməsi üçün ilkin vəsait Prezidentin Ehtiyat Fondundan ayrılacaq.
İ.Əliyev, həmçinin ixracın və ölkəyə turist axınının artdığını da qeyd edib.
«İxracın təşviqi istiqamətində tədbirlər həyata keçirilir, ”Azexport” portalı yaradılıb, xaricə ixrac missiyaları təşkil olunur, ixrac və investisiyaların təşviqi mexanizmləri aktivləşib. Turizm də inkişaf edir. Formula-1 yarışları bu sahədə mühüm rol oynadı. Gələcəkdə Azərbaycana turist axını artacaq”, - deyə prezident vurğulayıb.*
F.İsazadə