2017-ci ilin I yarısında özəlləşdirmədən 52,3 milyon manat vəsait daxil olub. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov məlumat verib.
“300-dən çox dövlət əmlakı özəlləşdirilib. Hesabat dövründə özəlləşdirmədən daxil olan 52,3 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib”, - deyə o, iyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Sədrin sözlərinə görə, Azərbaycanda elektron hərracların keçirilməsinə başlanılıb.
“Özəlləşdirmə prosesinin təbliği və bu zaman şəffaflığın təmin olunması məqsədilə “Özəlləşdirmə portalı” yaradılıb. Portalda özəlləşdirilən müəssisələrin satış qiyməti, iqtisadi-texniki göstəriciləri və digər məlumatlar öz əksini tapıb. Portaldan istifadə edənlərin sayı 800 mini keçib”, – deyə K.Həsənov qeyd edib.
Prezident İlham Əliyev iclasda bildirib ki, bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub.
“Ancaq bunun böyük hissəsi xarici sərmayədir. Biz çalışmalıyıq ki, daxili sərmayəni də cəlb edək. Daxili sərmayə deyəndə mən dövlət investisiyalarını nəzərdə tutmuram. Onsuz da biz bunu edirik və Dövlət İnvestisiya Proqramı uğurla icra olunur və tam icra edilməlidir. Buraya məktəb, xəstəxana, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, infrastruktur layihələri, yol salınması və sair daxildir. Mən özəl sərmayəni nəzərdə tuturam”, - deyə dövlət başçısı vurğulayıb.*
A.Axundov