Prezident İlham Əliyev gələn həftə Latviyaya rəsmi səfər edəcək. Bu barədə Latviyanın Bakıdakı səfiri Yuris Maklakovs məlumat verib.
"İyulun 17-də prezident Əliyevin Latviyaya rəsmi səfəri baş tutacaq", - deyə o, "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Səfirin sözlərinə görə, səfər çərçivəsində prezident İ.Əliyev latviyalı həmkarı Raymonds Veyonis, Seymin spikeri İnara Murnietse və baş nazir Maris Kuçinski ilə görüşəcək.
“Səfər çərçivəsində dörd müqavilə - strateji əməkdaşlıq haqqında bəyannamə, nəqliyyat, təhsil və tikinti təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalanacaq", - deyə diplomat qeyd edib.
O, həmçinin deyib ki, İ.Əliyev Azərbaycan-Latviya biznes forumunda iştirak edəcək.
"Biznes forumda Azərbaycan iqtisadiyyatının geniş spektrini, o cümlədən kənd təsərrüfatı, neft-qaz, nəqliyyat sahələrini təmsil edən 50 sahibkar iştirak edəcək", - deyə Y.Maklakovs vurğulayıb.
Diplomat xatırladıb ki, Azərbaycan və Latviya arasında iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın 2017-ci ilin iyun ayında Bakıda keçirilən iclasında İşgüzar Şuranın (İŞ) yaradılması haqqında qərar qəbul edilib.
"Komissiyanın Bakıda keçirilmiş əvvəlki iclası çərçivəsində vurğulanmışdı ki, ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədə olsa da, iqtisadi əlaqələr bu münasibətlərin səviyyəsinə uyğun deyil. İclasda iqtisadi münasibətlərin inkişafı məqsədilə İşgüzar Şuranın yaradılması haqqında qərar qəbul edildi. Şuranın açılışı Azərbaycan prezidentinin Riqaya səfəri çərçivəsində baş tutacaq", - deyə diplomat söyləyib.
Y.Maklakovs əlavə edib ki, prezident İ.Əliyevin Latviyaya səfərindən müsbət nəticələr gözləyir, çünki hər iki ölkənin sahibkarlarının "əməkdaşlığın inkişafında çox maraqlı olduğunu” görür. Əliyev və Veyonis Azərbaycan və Latviya arasında strateji əməkdaşlıq haqqında bəyannamə imzalayacaqlar.*
F.İsazadə