Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının siyasi səbəblərdən ləğv edilməsini təkzib edib.
"Bu il Ümumrusiya Azərbaycan Konqresi ilə problem yarandı. Burada heç bir siyasət yoxdur. Konqresin müvafiq hüquqi bazasını təmin etmək üçün məsul olan şəxslər bunun öhdəsindən gəlmədilər", - deyə o, bu gün Bakıda keçirilən Azərbaycanda Rusiya Həmvətənləri İctimai Birliklərinin konfransında vurğulayıb.
Onun sözlərinə görə, ÜAK-ın indiki sədri bu məsələ ilə bağlı dəqiq və birmənalı bəyanatla çıxış edərək günahkarların kim olduğunu açıqladı.
"Rusiya səfirliyi hüquqi yardım göstərməyə hazırdır. Avarlarla bağlı məsələdə biz onların təşkilatının Azərbaycanın qanunvericiliyinə və Ədliyyə Nazirliyinin tələblərinə uyğun olaraq yenidən qeydiyyata alınmasında israr etdik. Ədliyyə Nazirliyi təşkilatın adının dəyişdirilməsini tələb edirdi və biz dedik ki, əgər bu, qanunla tələb olunursa, o halda bunu etmək lazımdır. Və çox şadam ki, bizim avar dostlarımız bunu etdilər və bu gün təşkilat qeydiyyatdan keçib və real olaraq fəaliyyət göstərir", - deyə səfir bildirib.
O, ÜAK-la bağlı məsələnin müsbət həllini tapacağına ümidvar olduğunu deyib.
"Hesab edirəm ki, ÜAK-la vəziyyətdən çıxacağıq. Rusiya-Azərbaycan münasibətlərində hər cür məqamlar olub. Münasibətlərimiz çox dəyərlidir. Və bu kiçik epizodun onları tamamilə pozacağını güman etməyə heç bir əsas yoxdur", - deyə səfir vurğulayıb.*
R.Babayev