Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” ASC yaradılmasından ötən 25 il ərzində 1,14 min poçt markası buraxılıb. Bu barədə cəmiyyətin məlumatında deyilir.
1992-ci ildən bu günədək müxtəlif mövzulara aid 1140 poçt markası, 14 növ markalanmış, yüzlərlə növ markalanmamış poçt zərfləri hazırlanaraq satışa çıxarılıb.
Azərbaycanın müstəqilliyinə, dövlət atributlarına, iqtisadi inkişafına, fauna və florasına, milli bayramlarına, memarlıq abidələrinə, görkəmli siyasi-ictimai xadimlərinə, beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə, Qarabağa aid poçt markaları çap olunaraq dövriyyəyə buraxılıb.
Bundan əlavə, beynəlxalq təşkilatlar və dünyanın 12 ölkəsi ilə birgə 17 poçt markası da dövriyyəyə buraxılıb.
“Azərbaycanın poçt markaları bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya, Fransa, Almaniya, İngiltərə, Çin, İsrail, İspaniya və Belçikada keçirilən ümumdünya filateliya sərgilərində uğurla nümayiş etdirilir. 1919-cu ildən bu günədək Azərbaycanda dövriyyəyə buraxılmış bütün markaların, “Birinci gün” zərflərinin, markalanmış zərflərin və poçt kartlarının, xüsusi ştempellərin nümunələrini özündə əks etdirən 8 kataloq nəşr edilib”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova