Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət Proqramı kənd təsərrüfatında kooperasiyanın formalaşmasına və inkişafına dövlət dəstəyinin göstərilməsinə yönəldilib.
Kənd Təsərrüfatı Nazirliyinə nazirliyin aparatında müəyyən olunmuş işçilərin say həddi daxilində kənd təsərrüfatı kooperasiyasının inkişafı məsələləri ilə məşğul olan struktur bölmənin yaradılmasını təmin etmək tapşırılıb.
Bundan başqa, nazirlik Dövlət Proqramının icrasının gedişi barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Prezident Administrasiyası Dövlət Proqramının icrasına ümumi nəzarəti həyata keçirməlidir.
Dövlət Proqramının məqsədi kənd təsərrüfatı kooperativlərinin yaradılması, kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlərin görülməsi, kənd təsərrüfatı kooperativlərinin istehsal bazasının modernləşdirilməsi, kooperativlərin istehsal vasitələrinə tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsindən ibarətdir.*
A.Əzizov