Prezident İlham Əliyev 15 iyul hadisələrinin ildönümü ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
“İyulun 15-də Türkiyə Cümhuriyyətində qanuni hakimiyyəti zorakılıqla devirmək cəhdinin qarşısının alınmasının bir ili tamam olur. O gecə yaşanan qanlı hadisələr, ölkənin Konstitusiya quruluşunu fədakarlıqla qoruyan türk xalqının mətinliyi və insanların öz canını qurban verməsi Azərbaycanda əsil qəhrəmanlıq nümunəsi kimi böyük ehtiramla xatırlanır”, - deyə Azərbaycan prezidentinin saytında dərc edilmiş məktubda bildirilir.
Prezident İ.Əliyev vurğulayıb ki, həmin gün demokratiya və qanunçuluğun müdafiəsinə qalxmış milyonlarla vətəndaş bir daha sübut etdi ki, xalqın iradəsinə heç kim qalib gələ bilməz və dövlətçiliyə qarşı yönəlmiş istənilən cəhd iflasa məhkumdur.
“Hadisə haqqında xəbər tutan kimi mən dərhal Türkiyənin legitim hakimiyyətinə öz dəstəyimi ifadə edərək, ölkənin Konstitusiya quruluşuna qəsd edən Vətən xainlərini birmənalı şəkildə pislədim və bununla bağlı Azərbaycanın hökumət üzvlərinə müvafiq tapşırıqlarımı verdim”, - deyə o qeyd edib.
Dövlət başçısı əlavə edib ki, ötən dövrdə R.T.Ərdoğan əhalini səfərbər etməklə, ölkənin inkişafı və dünya dövlətləri sırasında nüfuzunun güclənməsi istiqamətində böyük işlər gördü, şəxsi məqsədlərini xalqın iradəsindən üstün tutan anti-milli qüvvələrə qalib gəldi.
Prezident İ.Əliyev bütün taleyüklü məsələlərdə türkiyəli həmkarı ilə həmrəy olduğunu ifadə edib.*
R.Babayev