Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 2 kq-a yaxın qızıl məmulatının qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinin məlumatında deyilir.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qızıl məmulatının bir qrup şəxs tərəfindən qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə daxil olan əməliyyat məlumatına əsasən, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşları Rzayev Zakir Rauf oğlu və Qasımov Qasım Bala Nadir oğlu nəzarətə götürülüb.
“Zakir Rzayevin üzərində şəxsi yoxlama zamanı ayaqqabısının hər bir tayının içərisində 1 ədəd olmaqla, cəmi 2 ədəd sarı rəngli metaldan hazırlanmış sikkə, şalvarının ciblərində isə cəmi 4 ədəd sarı rəngli metaldan hazırlanmış külçə, Qasım Bala Qasımovun üzərində şəxsi yoxlama zamanı ayaqqabısının bir tayının içərisində 2 ədəd, digərində isə 3 ədəd olmaqla, cəmi 5 ədəd sarı rəngli metaldan hazırlanmış sikkə aşkar edilib”, - deyə məlumatda bildirilir.
Aşkar edilən bütün sikkə və külçələrin metalı 999.9 əyarlı qızıl, ümumi çəkisi isə 1866,56 qramdır.
Faktla bağlı araşdırma aparılır.*
F.İsazadə