Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanunu təsdiqləyib.
Dəyişikliklər 2017-ci il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 511 mln. manat və ya 3,1%, xərclər üzrə proqnozun 1 mlrd. 41 mln. manat və ya 6,2% artacağını nəzərdə tutur.
Dəyişikliklərdən sonra gəlirlər üzrə proqnoz 16 mlrd. 766 mln. manat və ya ÜDM-in 25,2%-i, xərclər üzrə proqnoz 17 mlrd. 941 mln. manat və ya ÜDM-in 26,9%-i səviyyəsindədir.
Dövlət büdcəsinin kəsiri daha əvvəl təsdiqlənmiş proqnozla müqayisədə 530 mln. manat artaraq 1 mlrd. 175 mln. manat və ya ÜDM-in 1,8%-ni təşkil edəcək.
Əlavə gəlirlərin strukturunda Mərkəzi Bankın xətti ilə daxilolmalar 250 mln. manat, Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 135 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 50 mln. manat təşkil edir. Büdcə təşkilatlarının büdcədənkənar əlavə gəlirləri isə 76 mln. manat məbləğində olacaq.
Əlavə xərclər Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalının ödənilməsinə (546 mln. manat), əhaliyə təbii qazın güzəştli satışı ilə əlaqədar SOCAR-ın zərərinin ödənilməsinə (250 mln. manat), dövlət əsaslı kapital qoyuluşlarının artırılmasına (191 mln. manat) yönəldiləcək.
Bundan əlavə, dəyişikliklərə əsasən xarici borc limitinin 500 mln. manatdan 4,5 mlrd. manatadək artırılması nəzərdə tutulur.*
A.Əzizov