Cari ilin sonunadək keçiriləcək Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyev arasında görüşün əsas təşkilatçısı Rusiya olacaq. Bu barədə bazar ertəsi Rusiya Xarici İşlər Nzirliyinə istinadən “İzvestiya” nəşri məlumat yayıb.
“Moskva bu məsələdə əsas vasitəçi olacaq, çünki ATƏT-in digər həmsədrlərinin (Fransa və ABŞ) Bakı və İrəvan nümayəndələrini danışıqlar masası ətrafında oturtmaq cəhdləri uğursuz olub”, - məqalədə qeyd olunur.
Nəşrin Rusiya XİN-dəki mənbəsinin məlumatına əsasən, Ermənistan və Azərbaycan liderlərinin görüşünün təşkili məsələsi ilə Moskva məşğul olur.
“Bu məsələdə yalnız biz iştirak edirik. Fransızlar İrəvan və Bakını danışıqlar masasına oturmağa çalışsalar belə, bu heç bir nəticə vermədi. Halbuki, dialoqun saxlanması prinsipial əhəmiyyət kəsb edir. Məhz bunun sayəsində regionda tammiqyaslı müharibə başlamayıb. Tərəflərin məqsəd və nöqteyi-nəzərləri öncəki kimi müxtəlifdir”, - nəşrin müsahibi dəqiqləşdirib.
Nəşr xatırladır ki, əvvəl Rusiya XİN başçısı Sergey Lavrov ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə danışıqlar aparıb. Həmin zaman bu dövlətlərin liderlərinin görüşünün təşkili təklif olunub. **