2017-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 7 mlrd. 138,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, yanvar-iyun aylarında kapital qoyuluşlarının ümumi həcmindən 5 mlrd. 610,9 mln. manat (bütün investisiyaların 78,6%-i) istehsalat təyinatlı obyektlərin, 1 mlrd. 142,2 mln. manat (bütün investisiyaların 16%-i) xidmət obyektlərinin, 385,5 mln. manat yaşayış sahələrinin inşasına (bütün investisiyaların 5,4%-i) yönəldilib.
Hesabat dövrü ərzində 4 mlrd. 283,2 mln. manat (bütün investisiyaların 60%-i) xarici investisiyaların, 2 mlrd. 855,4 mln. manat (bütün investisiyaların 40%-i) daxili investisiyaların payına düşüb.
Birinci yarımillikdə Azərbaycanın neft sektoruna kapital qoyuluşları 4 mlrd. 344 mln. (bütün investisiyaların 60,8%-i), qeyri-neft sektoruna 2 mlrd. 794,6 mln. manat (bütün investisiyaların 39,2%-i) təşkil edib.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 4 mlrd. 997 mln. manat və ya bütün kapital qoyuluşlarının 70%-ni təşkil edib. **
N.Abbasova