İyulun 19-da Bakı şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin iştirakı ilə keçiriləcək Üçtərəfli Yüksək Səviyyəli GörüşBakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində gömrük əməkdaşlığı perspektivlərini müzakirə olunacaq. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Tədbir iştirakçıları həm də "Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında gömrük məsələlərində üçtərəfli geniş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair Birgə Bəyanat" qəbul edəcəklər.
Bununla yanaşı, görüş çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş"in imzalanması planlaşdırılıb.
Bu görüşdən öncə, iyulun 18-də ekspertlərin üçtərəfli görüşü də təşkil olunacaq.
“Gömrük və daxili işlər orqanları, eləcə də dəmir yolları üzrə mütəxəssislərinin iştirak edəcəyi toplantıda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə əlaqədar gömrük və sərhəd keçid prosedurlarını sürətləndirmək məqsədilə gömrüklə bağlı ilkin dəmir yolu məlumatlarının mübadiləsi, dəmir yolu ilə həyata keçirilən poçt əməliyyatlarına dair ilkin məlumatların mübadiləsi, dəmir yolu ilə beynəlxalq daşımalar zamanı gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması və digər məsələlərə baxılacaq”, - məlumatda vurğulanır. **
N.Abbasova