Bakı şəhəri Yasamal rayonu ərazisində dərzi sexində baş verən yanğın zamanı bir nəfər həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yanğının kəşfiyyatı zamanı 1951-ci il təvəllüdlü Mustafa Yusubovun cəsədini aşkar ediblər. Yanğın zamanı daha bir nəfər xəsarət alıb”, - məlumatda deyilir.
Bakının Cəfər Cabbarlı 28 ünvanında birmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən dərzi sexində yanğın baş verib.
“4 otaqdan ibarət sexin 3 otağının yanar konstruksiyaları yanıb. Yanğın saat 09:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb”, - FHN bildirir.
Yerli mətbuatın məlumatına əsasən, yanğından öncə baş verən partlayış nəticəsində bir neçə şəxs müxtəlif dərəcəli xəsarətlər alıblar. Hadisənin səbəbləri sırasında geyimlərin kimyəvi təmizlənməsi zamanı istifadə edilən kimyəvi maddələrin partlaması da göstərilir. **
R.Babayev