Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev azərbaycanlı və türk investorlara malların birgə istehsalının təşkilinə dair layihələrin reallaşdırlmasını təklif edir.
“Bu gün Azərbaycanda qeyri-neft sektoruna fəal sərmayələr yatırılır. Qanunvericiliyə edilən dəyişikliklər Türkiyə ilə iqtisadi əlaqələri daha yüksək səviyyəyə qaldırmağa imkan yaradır. Türk iş adamlarının sərmayələr yatırdıqlarının şahidi olmaq istərdik. Hələlik iqtisadi münasibətlərimiz daha çox ticarət, xidmət sahələrinə yönəlib. Gəlin bu əlaqələrə daha yüksək mövqedən nəzər yetirək. Birgə istehsal təşkil edək, sonra isə artıq ticarət barədə düşünək”, - A.Əliyev çərşənbə axşamı Bakıda azərbaycanlı və türk sahibkarları ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Azətrbaycanda istehsal olunan mallara MDB ölkələrində böyük tələbat var və onların ixracı zamanı vergi güzəştləri tətbiq olunur. “Bununla əlaqədar, Azərbaycanda istehsalın təşkili sahibkarlar üçün səmərəlidir. Bütövlükdə, Azərbaycanda əlverişli biznes üçün zəruri şərait var. Əminəm ki, iqtisadi sahədə statistik məlumatlarında artım dinamikası müşahidə olunacaq. Ümid edirəm ki, bu artım həmçinin qarşılıqlı sərmayələr sayəsində əldə ediləcək”, - o əlavə edib.
Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçi öz növbəsində vurğulayıb ki, son 3 il ərzində qarşılıqlı ticarət dövriyyəsinin həcmi azalır. “2014-cü ilin yekunları üzrə ticarət dövriyyəsi $3 mlrd, 2015-ci ildə - $2,1 mlrd təşkil edib, 2016-cı ildə - $1,5 mlrd.-a qədər azalıb. Buna baxmayaraq, ölkələrin qarşılıqlı ticarət dövriyyəsini artırmaq üçün böyük potensialı var”, - nazir bəyan edib. **
F.İsazadə