Azərbaycan, Gürcüstan və Türkiyə Mərkəzi Asiya ölkələrinin gömrük strukturları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
“Biz gələcəkdə üçtərəfli əməkdaşlığımıza (Azərbaycan, Gürcüstan və Türkiyə - İF) Mərkəzi Asiya ölkələrinin gömrük və sərhəd strukturlarını cəlb etməyi planlaşdırırıq”, - Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, “bu, bir növ yaradılacaq zəncirdir”.
A.Əliyev qeyd edib ki, Mərkəzi Asiya ölkələri sayəsində Çin Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinə qoşula bilər. “Bu gün bizim üçün BTQ-ni istifadəyə vermək vacibdir. Buna görə, sabah gürcü və türk həmkarlarımızla qarşıda duran vəzifələri ən yüksək səviyyədə müəyyən etmək məqsədilə bu məsələni müzakirə edəcəyik. Mərkəzi Asiya ölkələrini əməkdaşlığa cəlb etmək məqsədilə bu gün Azərbaycan Qazaxıstana müəyyən sərmayələr yatırır”, - DGK sədri əlavə edib. **
F.İsazadə