2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 2 mlrd. 833,1 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 2,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ayları ərzində 1 mlrd. 656,4 mln. manat məbləğində heyvandarlıq, 1 mlrd. 176,7 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib.
Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 2,6% artıb.
Bundan başqa, yanvar-iyun aylarında respublikada 237,8 min ton ət (artım 2,9%), 1 mln. 3,5 min ton süd (artım 0,8%), 879,4 mln. ədəd yumurta (artım 6,7%) istehsal edilib.
Bu dövrdə bitkiçilik məhsullarının istehsal həcmi 1,7% artıb.
Ölkədə yaz tarla işləri başa çatıb. İyunun 24-nə olan məlumata görə, 469 min hektar sahədə yazlıq bitkilərin əkini aparılib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 26,1% çoxdur.
Xüsusilə, 33,6 min hektar sahədə dənli (artım 38,3%), 38,8 min hektarda qarğıdalı (artım 4,8%), 58,8 min hektarda kartof (azalma 5,3%), 68,4 min hektarda tərəvəz (azalma 6,4%), 136,4 min hektarda pambıq (artım 2,6 dəfə) əkilib.
O cümlədən, iyul ayının 1-nə kimi tarlalardan 284,7 min ton kartof (azalma 8,9%), 561 min ton tərəvəz (artım 41,8%), 44,3 min ton bostan məhsulları (artım 2,8%), 96,4 min ton meyvə və giləmeyvə (artım 1,1%), 119 ton tütün (artım 8,2%), 326,3 ton yaşıl çay yarpağı (azalma 35,7%), 1 mln. 393,6 min ton qarğıdalı daxil olmaqla yaz və payız dənli bitkilər yığılıb (ötən il 2 mln. 89,8 min ton). **
A.Axundov