“Sumqayıt Kimya Sənaye Parkı” MMC (SKSP) "M-NAF" şirkətini parkda nəzarət-keçid məntəqələrinin tikintisi üzrə işlərə cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"SKSP iyulun 13-də "M-NAF" MMC ilə parkın ərazisində bir sıra işlərin həyata keçirilməsi, o cümlədən nəzarət-keçid məntəqələrinin tikintisi haqqında müqavilə bağlayıb", - deyə məlumatda bildirilir.
Müqavilənin dəyəri 5 mln. 999 min 220,99 manatdır.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır.
Parkın ümumi ərazisi 466,37 hektardır.*
A.Axundov