Azərbaycan Beynəlxalq Bankın (ABB) xarici kreditorları bankın öhdəliklərinin restrukturizasiya planını qəbul ediblər. Bu barədə bankdan məlumat verilib.
“Restrukturizasiya olunan öhdəliklərin 94,1%-ə malik kreditorlar səsvermə prosesində iştirak edib və onların 93,9%-i planın lehinə səs verib.”, - bankın məlumatında deyilir.
ABB bildirir ki, kreditorlar ABB-nin öhdəliklərinin könüllü restrukturizasiyası planı üzrə səsvermə prosesinə iyunun 19-da start veriblər və iyulun 18-də Bakıda keçirilən yığıncaqda yekun qərarlarını elan ediblər.
"Banklar haqqında" qanuna əsasən, planın qəbulu üçün öhdəliklərin 2/3 hissəsinə sahib kreditorların razılığı tələb olunur. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) razılığı və Nəsimi rayon məhkəməsinin təsdiq qərarından sonra restrukturizasiya planı hüquqi qüvvəyə minəcək”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, ABB mayın 11-də xarici borc üzrə ödənişləri dayandırması və investorlara öz borclarının bir hissəsini Azərbaycanın suveren istiqrazlarına dəyişdirməyi təklif edəcəyi barədə məlumat yayıb. Bank $3,34 mlrd. məbləğində öhdəlikləri restrukturizasiya etməyi planlaşdırır. **
A.Axundov