Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri üç ölkə liderlərinin Aşqabad sammitinə qədər üçtərəfli formatda görüş keçirməyi planlaşdırırlar. Bunu bu gün Bakıda keçirilən mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının Aşqabad sammitinə qədər biz hər üç ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək niyyətindəyik", - deyə o bildirib.
Nazirin sözlərinə görə, XİN başçıları Bakı görüşündə yük daşımaları sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
"Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi 2017-ci ilin sonunadək tikiləcək və bizim üçün böyük əməkdaşlıq imkanları açılacaq. Ölkələrimiz yük daşımaları üçün dəniz və magistral yollarından da istifadə etmək niyyətindədir. Biz bu məsələləri bu gün üçtərəfli görüşdə müzakirə etdik və hesab edirəm ki, onlar müxtəlif nazirlik və idarələr səviyyəsində də müzakirə olunmalıdır”, - deyə o qeyd edib.
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov isə bildirib ki, tərəflər siyasət, iqtisadiyyat və enerji sahəsində üçtərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir. "Biz Türkmənistanda keçiriləcək zirvə toplantısına hazırlıq məsələlərini müzakirə etdik və ümidvarıq ki, nəzərdə tutulan bütün sazişlər bu zirvə toplantısında imzalanacaq. Biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edirik və bu münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik", - deyə o vurğulayıb.*
F.İsazadə