ABŞ-ın “McKinsey&Company” şirkəti 2018-ci ildə “Günəşli” yatağında hasilatın ən az 7% artırılmasına dair təkliflər hazırlayacaq. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“SOCAR-ın Baş ofisində “Günəşli” yatağında hasilatın artırılması məqsədilə ABŞ-ın “McKinsey&Company” şirkəti tərəfindən hazırlanmış “Mayak” layihəsinin müzakirəsi ilə bağlı iclas keçirilib. Layihədə yataq üzrə əməliyyat xərclərinin optimallaşdırılması öz əksini tapıb. İclasda qeyd edilib ki, “Mayak” layihəsi əlavə xərclər çəkilmədən hasilatın artırılmasına xidmət edəcək”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, görüşdə “Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması ilə bağlı təkliflər dinlənilib.
“McKinsey&Company” şirkəti tərəfindən “Günəşli” yatağında yaxın iki həftə ərzində ilkin tədqiqat işlərinin aparılması və təkliflərin verilməsi qərara alınıb, 2018-ci il üçün yataqda hasilatın ən az 7% artırılması barədə təklifin bir ay müddətinə təqdim olunması razılaşdırılıb.*
N.Abbasova