Bakı, Ankara və Aşqabad gələcəkdə Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsinin reallaşdırılmasını dəstəkləməyə hazırdılar. Bu barədə Azərbaycanm Xarici İşlər Nazirliyi qeyd edir.
“Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçıları Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsinin əhəmiyyətini vurğulayaraq, sözügedən dəhlizə zəruri dəstəyin davam etdiriləcəyini bəyan etdilər”, - xarici işlər nazirlərinin çərşənbə günü Bakıda keçirilən dördüncü üçtərəfli görüşünün yekunlarına dair qəbul olunan bəyanatda deyilir.
Həmçinin nazirlər regional nəqliyyat layihələrinin reallaşdırılması perspektivlərini müzakirə ediblər.
“XİN başçıları Xəzər dənizindən keçməklə Türkmənistanı Azərbaycan Respublikası ilə birləşdirən və Türkiyə vasitəsilə (Bakı-Tbilisi-Qars dəmir yolu) Avropaya çıxışı olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərini müzakirə etdilər və üç ölkənin Böyük İpək Yolunun bərpasına yönəlmiş səylərinə mühüm töhfə verəcəyini vurğuladılar”, - sənəddə vurğulanır. **
R.Babayev