Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş bloger Aleksandr Lapşinin vəkili Eduard Çernin hökmdən şikayətin verilməsi mümkünlüyünü istisna etmir.
«Bu barədə danışmaq hələ tezdir. Lapşinin qərarı olmadan mən hər hansı bir tədbir görə bilmərəm. Lakin hökmdən şikayətin veriləcəyi istisna deyil», - deyə E.Çernin “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Aleksandr Lapşin 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən A.Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
A.Lapşin məhkəmə prosesində ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını deyib. O qeyd edib ki, Dağlıq Qarabağa yalnız turist kimi səfər edib və bu səfərlər siyasi xarakterli deyil.*