"Coca-Cola" şirkəti Azərbaycanda fəaliyyətinin qurulmasına və genişlənməsinə ümumilikdə $400 mln. sərmayə yatırıb. Bu barədə bu gün jurnalistlərə şirkətin Qafqaz regionu üzrə meneceri Əsəd Şirinov məlumat verib.
“Bu məbləğin $250 mln.-u şirkət tərəfindən dövlət büdcəsinə vergi ödənişlərinin, $160 mln.-u istehsal güclərinin yaradılmasına investisiya qoyuluşlarının payına düşüb. "Coca-Cola" üzrə Azərbaycanın regional (Orta Asiya, Qafqaz, Türkiyə) satış payı 8% təşkil edir”, - deyə o bildirib.
Regional menecerin sözlərinə görə, son 2 ildə devalvasiya ilə əlaqədar Azərbaycanda satışın həcmi azalmağa başlayıb və bu rəqəm 40% təşkil edib.
“Satışımız 2014-cü ildə rekord həddə çatıb. Lakin manatın devalvasiyası ilə əlaqədar növbəti illərdə satışın həcmi azalmışdı. İqtisadi sabitlik, şirkətin satış, marketinq və menecment siyasətində dəyişikliklər sayəsində 2017-ci ilin fevral ayından başlayaraq satışların həcmində artım müşahidə olunur”, - deyə A.Şirinov qeyd edib.
Onun sözlərinə görə, hazırda “Coca-Cola” Azərbaycan bazarına 5 içki brendi çıxarır və gələcəkdə onların sayını artırmağı planlaşdırır.
“2018-ci ildə bazara ən azı 2 yeni məhsulun daxil olacağı gözlənilir”, - deyə menecer bildirib.
Spirtsiz içki bazarında şirkətin payına gəlincə, A.Şirinov deyib ki, “Coca-Cola” 5 fəaliyyət kateqoriyasından 3-ü üzrə liderdir.*
N.Abbasova